REGİONLAR
Göyçayın Mollahacılı kəndi və Ağdaşın Yuxarı Ləki kəndindəki yeni yaşayış massivi qazlaşdırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı tədbirləri davam etdirir. Bu ilin dövlət proqramına uyğun olaraq daha bir yaşayış məntəqəsi - Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibətlə tədbir keçirilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz”ın Göyçay Regional Qaz İstismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.
Bu gün Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent “mavi yanacaq”la təmin olunub.