İQTİSADİYYAT
Göyçayın Qarayazı kəndinə təbii qaz verilmişdir
Göyçay, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 26-da Göyçay rayonunun Qarayazı kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Qarayazı kəndində təşkil olunan mərasimin iştirakçıları kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik etmişlər.
Bildirilmişdir ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülmüşdür.
Çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Göyçayın sürətlə inkişaf etdiyini, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində böyük işlərin görüldüyünü vurğulamışlar.
Məlumat verilmişdir ki, 20 illik fasilədən sonra Qarayazı kəndinin qazlaşdırılması üçün 27 min 649 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, 413 mənzildə sayğac quraşdırılmışdır. İndiyədək Göyçay şəhərində və 18 kənddə 14 min 375 mənzil qazlaşdırılmışdır. Hazırda rayonda ümumi abonentlərin 60 faizi təbii qazdan istifadə edir. Diqqətə çatdırılmışdır ki, 2014-cü ilədək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılmış və evlərdə “mavi yanacağ”ın təzyiqinə baxış keçirilmişdir.