CƏMİYYƏT
Göygöl rayonunda Azərbaycanda mövcud olan multikultural dəyərlər müzakirə edilib
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbir Göygöl Rayon Mərkəzi Kitabxanasının oxu zalında Heydər Əliyev Mərkəzi və kitabxananın əməkdaşlarının iştirakı ilə təşkil olunub.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər barədə ətraflı məlumat verib. O, xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmindən bəhs edib və bu sahədə ölkəmizin dünyaya bir nümunə olduğunu bildirib.
Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov çıxışında Azərbaycanda tolerantlığın və multikulturalizmin dərin tarixi və mədəni köklərindən bəhs edərək, bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızın nəinki regionun, hətta dünyanın ən tolerant və multikultural ölkələrindən biri olduğunu bildirib.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.