CƏMİYYƏT
Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzildən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Üçtəpə kənd sakini olan bir qadın RPŞ-yə müraciət edərək, ona məxsus evdən üçüncü dəfə oğurluq edildiyini bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
RPŞ-də aparılan araşdırmalar zamanı Üçtəpə kənd sakini Səxavət Zeynalov və Elvin Hüseynov etiraf ediblər ki, evdən ümumilikdə 1822 manat pul oğurlayıblar. Saxlanılan şəxslər pulu bölərək xərclədiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.