CƏMİYYƏT
Göygöldə narkotik maddə ticarəti ilə məşğul olan şəxslər yaxalanıblar
Bakı, 16 yanvar, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakinləri 38 yaşlı Baxşəli Mürsəqulov və 35 yaşlı Xəyal Əsgərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman B.Mürsəqulovun üzərindən 0,022, X.Əsgərovun üzərindən isə 0,076 qram heroin aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri 50 yaşlı Mahir Məmmədovun olduğu müəyyən edilib. Rayon polis şöbəsində onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman iki bükümdə 0,111 qram kustar üsulla hazırlanan metamfetamin və 0,791 qram kustar üsulla hazırlanan heroin götürülüb.
İlkin dindirilmə zamanı M. Məmmədov narkotik vasitələri satmaq məqsədilə Rəşad adlı Gəncə şəhər sakinindən aldığını bildirib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı Rəşad Hüseynov Gəncədə saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman dörd sellofan bükümdə ümumi çəkisi 3,458 qram vasitə olan heroin aşkarlanıb. R.Hüseynova məxsus “Niva” markalı avtomobildən isə 299 ədəd müxtəlif adda narkotik tərkibli dərman həbləri, 0,822 qram heroin və 1,168 qram metamfetamin aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.