CƏMİYYƏT
Göygöldəki 3 saylı və Gəncədəki 4 saylı psixonevroloji sosial xidmət müəssisələrinin sakinlərinin əl işlərinin sərgisi təşkil olunub
Bakı, 25 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Göygöl rayonundakı 3 saylı və Gəncə şəhərindəki 4 saylı psixonevroloji sosial xidmət müəssisələrinin sakinlərinin əl işlərinin sərgisi təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sərgidə müxtəlif tətbiqi sənət növləri üzrə 100-ə yaxın əl işi təqdim edilib.
Sərgi ilə tanış olan Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bu kimi tədbirlərin həmin kateqoriyadan olan şəxslərin yaradıcı potensialının tanıdılması və dəstəklənməsində, onların sosial inteqrasiya imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Son üç ildə sosial müəssisələrdə, o cümlədən 3 və 4 saylı psixonevroloji sosial xidmət müəssisələrində sakinlərin rahat yaşayışı və reabilitasiyası üçün müasir şərait yaradıldığını deyib. Qeyd olunub ki, hər iki müəssisədə 223 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlər göstərilir. Sakinlər ilk tibbi yardım, reabilitasiya xidmətləri, psixoloji və psixiatrik yardımla yanaşı, keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar.
Ümumilikdə Agentliyin tabeliyində Bakı və Gəncə şəhərlərində, Göygöl və Şamaxı rayonlarında olmaqla 4 Psixonevroloji Sosial Xidmət Müəssisəsi fəaliyyət göstərir.