CƏMİYYƏT
Gözdən əlilliyi olan şəxslərin sosial təminatı gücləndirilir
Bakı, 20 iyul, AZƏRTAC
Həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial təminatı ilə əlaqədar işlər davamlı olaraq aparılır. Gözdən əlilliyi olan vətəndaşların reabilitasiyası və rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial islahatlara uyğun olaraq gözdən əlilliyi olanların sosial ödənişlərinin məbləği ötən dövrdə dəfələrlə artırılıb, onlar üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub.
Nazirliyin sifarişləri əsasında icra olunan layihələrlə həmin kateqoriyadan olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.
Gözdən əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işləri də davam etdirilir. Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib.
Son iki ildə 400-dək görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub. Həmin kateqoriyadan olan vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılması davam etdirilir.