GÖZLƏR GÖZƏ GÖRÜNƏN ÜRƏKDİR
Bakı, 9 yanvar (AZƏRTAC). Oftalmoloqların fikrincə, gözlər gözə görünən ürəkdir. Demə, insan orqanizminin bütün strukturları gözdə əks olunur. Elə buna görə də gözləri “göz bəbəyi kimi” qorumaq lazımdır.
Tibb elmləri doktoru, professor Çingiz Cərullazadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Təssüf ki, heç də hamı bunun vacibliyini anlamır. Müxtəlif göz xəstəlikləri görmə qabiliyyətinin zəifləməsi, hətta korluqla nəticələnir. Vaxtında həkimə müraciət etməklə bu xoşagəlməz halların qaşısını almaq olar”.
Mərkəzi Neftçilər Xəstəxanasında professor Cərullazadənin rəhbərliyi altında fəaliyyət göstərən Göz Xəstəlikləri Mərkəzi oftalmologiyanın 4 əsas probleminin - katarakta, göz diabeti, gözün tor qişasının yaşla əlaqədar xəstəlikləri və qlaukomanın müalicəsi ilə məşğuldur. Mərkəzin fəaliyyəti ən müasir dünya təcrübəsinə əsaslanır. Oftalmoloq həkimlər dünyanın bir çox ölkələrində dərc olunan qabaqcıl elmi jurnallardan və digər nəşrlərdən göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə əlaqədar ən yeni kəşflərlə maraqlanır, onları təkmilləşdirir, öz işlərində tətbiq edirlər. Göz Xəstəlikləri Mərkəzinin oftalmologiya elmi sahəsində yenilikləri tətbiq etmək üçün bütün imkanları vardır. ARDNŞ-ın dəstəyi ilə burada ən müasir avadanlıq quraşdırılmışdır. Mərkəzdə geniş ixtisaslı, böyük elmi və praktiki təcrübəyə malik professor Cərullazadənin rəhbərliyi ilə istedadlı həkimlər çalışırlar. Pasiyentlərin də rəyi belədir.
Göz Xəstəlikləri Mərkəzinin kollektivi oftalmologiya elminə hansı yenilikləri gətirmişdir?
Katarakta xəstələrinin görmə qabiliyyətini bərpa etməyə imkan verən yeni konstruksiyalı göz “bülluru” məhz burada tətbiq olunur.
Mərkəzdə dünya təcrübəsi əsasında göz diabeti ilə mübarizə metodu hazırlanmışdır. Metodikaya əsasən, gözün selikli qişası həm dərman, həm də lazerlə müalicə olunur.
Çingiz həkimin rəhbərlik etdiyi mərkəzdə gözün tor qişasının yaşla bağlı problemləri ilə də ciddi məşğul olurlar. Dünya təcrübəsi bu xəstəliyin müalicəsi və profilaktikası üçün yüksək texnologiyalı avadanlıqdan, diferensiasiya edilmiş dərman müalicəsindən istifadə etməyi nəzərdə tutur. Bu sahədə də mərkəz nailiyyətlər qazanmışdır.
Nəhayət, məhz bu kollektiv ən təhlükəli göz xəstəliyi sayılan qlaukomanın müalicəsində cərrahiyyə əməliyyatlarının müasir metodlarını, o cümlədən nəcib metallar və bioloji toxumaların transplantasiyasını tətbiq edir.
Kollektivin elmi axtarışları davam edir...