Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.

Sizin doğum gününüz Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə başa çatan Vətən müharibəsində şanlı qələbə ilə eyni dövrə təsadüf edir.

Bu tarixi nailiyyətin təməlində Sizin güclü liderliyinizin, möhkəm siyasi iradənizin, strateji baxışınızın və siyasi müdrikliyinizin, o cümlədən milli dövlət quruculuğu istiqamətindəki fədakarlığınızın və uzun illər davam edən yorulmaz fəaliyyətinizin dayandığı hamı tərəfindən qəbul edilir. Ali Baş Komandan olaraq ölkənizin müasir tarixinin ən mühüm və həlledici məqamında xalqı öz ətrafınızda birləşdirmək, səfərbər etmək və ona rəhbərlik etmək bacarığınız Sizin liderliyinizin ən bariz təzahürüdür.

Dinamik iqtisadiyyatı, fəal, sülhsevər və konstruktiv xarici siyasəti, eləcə də güclü və müasir ordusu olan müasir müstəqil Azərbaycanın uğurları ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş strategiyanın məntiqi nəticəsidir və bu gün həmin siyasəti Siz fədakarlıqla davam etdirirsiniz.

Bu gün Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan və hörmət olunan üzv, beynəlxalq arenada aktiv və nüfuzlu aktor omaqla yanaşı, həm də dinc yanaşı yaşayış norma və prinsiplərini, eləcə də bəşəri dəyərləri əsas tutaraq sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı rolunda çıxış edir.

Azərbaycanın enerji, nəqliyyat və rabitə sahələrində təşəbbüsçüsü və iştirakçısı olduğu mühüm beynəlxalq layihələr daha geniş olub Xəzər dənizi və Qara dəniz regionunun geosiyasi coğrafiyasını və məzmununu tamamilə dəyişərək, öz ölkəsinin qlobal iqtisadiyyata inteqrasiyasını və qonşu dövlətlər arasında əməkdaşlığı təmin edə bilib. Beləliklə də bu geniş və zəngin regionun strateji əhəmiyyəti daha da artıb.

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə nəticəsində bölgədə yaranmış yeni vəziyyət regionun bərpası və inkişafı üçün geniş imkanlar açır. Biz Sizin sağlam düşüncə və müdriklik nümayiş etdirməyə çağıran, hamını dialoqa və əməkdaşlığa dəvət edən xoşməramlı mesajlarınızı yüksək qiymətləndiririk. Biz qəti inanırıq ki, regionda yaranmış bu tarixi şansdan və misilsiz fürsətdən burada yaşayan bütün millətlərin maraqları və mənafeyi naminə istifadə olunmalıdır. Dörd dost xalqı və strateji tərəfdaşları birləşdirən GUAM-da bu məqsəd üçün bütün ideya və təşəbbüsləri dəstəkləməyə hazırıq.

Hörmətli cənab Prezident,

Bu xoş fürsətdən istifadə edərək, doğum gününüz və ölkənizin inkişafı istiqamətində əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edirəm. Gözəl ölkənizin inkişafı və tərəqqisi naminə ideya və planlarınızın həyata keçirilməsində Sizə möhkəm cansağlığı, tükənməz enerji və daha böyük qələbələr arzulayırıq.

Sizə olan ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Altay Əfəndiyev

GUAM-ın Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin