Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikası ildən-ilə öz müstəqilliyini, suverenliyini, regiondakı yerini möhkəmləndirir, beynəlxalq aləmdə daha fəal rol oynayır.

Bu gün Azərbaycan regional tərəqqinin və beynəlxalq əməkdaşlığın mühərriki olmaqla ən dinamik və inkişaf edən iqtisadiyyatlardan biridir. Azərbaycan, həmçinin bütün dünyada sülh, təhlükəsizlik, sabitlik, eləcə də qarşılıqlı anlaşma və tolerantlığın tərəfdarıdır.

Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrin şanlı Qələbəsindən sonra bu bayram ilk dəfə olaraq suveren Azərbaycan Respublikasının bütün ərazisində qeyd edilir. İşğaldan azad edilmiş torpaqların miqyasına və sürətinə görə misli görünməmiş şəkildə bərpası və yenidən qurulması, abadlaşdırılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması proqramı həyata keçirilir.

Paralel olaraq, ölkə regionda beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasına qətiyyətlə sadiqdir. Biz səmimi-qəlbdən inanırıq ki, sülh regionun böyük əməkdaşlıq və tərəqqi potensialını üzə çıxararaq yeni era açacaqdır.

Azərbaycan özünü və regionu Şərqi Qərblə, Cənubu Şimalla birləşdirən yeni münasibətlər arxitekturasının ən mühüm tərkib hissəsi hesab edərək, cari regional layihələrin həyata keçirilməsi və yeni layihələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəmir.

Azərbaycanın fəal siyasəti və dünya miqyasında artan rolu da geniş şəkildə qəbul edilir. Qoşulmama Hərəkatının aparıcı üzvü kimi ölkə ədalətli və daha yaxşı dünyaya can atan, bir çox dövlətlərin maraqlarını əks etdirən gündəlik irəli sürür. Azərbaycan davamlı inkişaf üçün yaşıl gündəliyi təşviq edən və həyata keçirən aparıcı dövlətlər sırasındadır. Bu il Azərbaycan Ümumdünya İqlim Sammitinə - COP29-a ev sahibliyi edəcək. Ölkə zəngin ənənələrinə əsaslanaraq mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın, tolerantlığın və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş mühüm qlobal təşəbbüslərə də rəhbərlik edir.

Biz Azərbaycanın GUAM-ın təsisçi üzvü kimi dost ölkələrimiz arasında əməkdaşlığın qurulmasında rolunu yüksək qiymətləndiririk. GUAM-ın sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq etmək üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Biz strateji əhəmiyyəti getdikcə artan regionumuzda əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizə ölkənin daha da inkişafına, müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq.

Hörmətlə,

 

Altay Əfəndiyev

GUAM-ın Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin