İQTİSADİYYAT
GUAM-ın iqamətgahında Azərbaycan tərəfinin sədrliyi ilə energetika üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir
Kiyev, 6 mart (AZƏRTAC). Ukrayna paytaxtında Demokratiya və İqtisadi İnkişaf uğrunda – GUAM-ın Katibliyində qurumun energetika üzrə işçi qrupunun 7-ci iclası keçirilmişdir. İclasda GUAM-ın üzvü olan ölkələrin müvafiq idarələrinin və GUAM Katibliyinin, habelə Macarıstanın Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) nümayəndələri iştirak etmişlər.
Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki iqamətgahından məlumat verilmişdir.
İclas iştirakçıları REC nümayəndələrinin “Promoting Green Economy in GUAM countries: Promotion of renewable enegy sources” təşkilatının üzvü olan dövlətlərin nümayəndələri üçün seminar barədə məlumatını dinləmiş və həmin layihənin icrasına göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Tərəflər Macarıstanın Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin köməyi ilə “Promoting Green Economy in GUAM countries: Promotion of renewable enegy sources” təşkilatının üzvü olan dövlətlərin nümayəndələri üçün GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində təşkil edilən seminara hazırlıqla bağlı məsələləri müzakirə etmiş və seminarı bu il oktyabrın 18-də Kiyevdə GUAM-ın Katibliyində keçirmək barədə razılığa gəlmişlər.
Bundan əlavə, iclas iştirakçıları “Promoting Green Economy in GUAM countries: Promotion of renewable enegy sources” layihəsinin konsepsiyasını müzakirə etmiş və bəyənmişlər.
İclasın sonunda tərəflər işçi qrupunun növbəti iclasını bu ilin ikinci yarısında keçirmək barədə razılığa gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC –ın xüsusi müxbiri
Kiyev