GUAM-POLŞA GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də Batumidə “İntourist Palace” mehmanxanasında GUAM-Polşa görüşü keçirilmişdir.
Görüşü Gürcüstan Prezidenti Mixeil Saakaşvili açdı.
Polşa Prezidenti Lex Kaçinski çıxış edərək ölkəsinin GUAM dövlətləri, o cümlədən Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Prezident Lex Kaçinski xüsusi vurğuladı ki, Polşa GUAM məkanındakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Polşa Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış etdi. Dövlətimizin başçısı GUAM-Polşa münasibətlərinin inkişafından və regional əməkdaşlıqdan danışdı. Azərbaycan Prezidenti Polşa Prezidenti tərəfindən GUAM-Polşa münasibətlərinin inkişafına göstərilən dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın GUAM-a sədrliyi dövründə görülmüş işlərdən də danışdı və sonda ümid etdiyini bildirdi ki, bu görüş GUAM-Polşa əməkdaşlığının genişlənməsinə töhfə verəcəkdir.
######
