SİYASƏT
GUAM-Yaponiya: Tokioda yol və köməkçi infrastrukturun inkişafı məsələlərinə həsr edilmiş beynəlxalq seminar keçirilmişdir
Kiyev, 28 noyabr (AZƏRTAC). GUAM-ın Kiyevdəki mənzil-qərargahında AZƏRTAC-a bildirmişlər ki, Tokioda yolətrafı köməkçi infrastrukturun inkişaf etdirilməsi və avtomobil magistrallarının idarə edilməsi sahəsində Yaponiya təcrübəsinin öyrənilməsinə həsr edilmiş beynəlxalq seminar keçirilmişdir. Seminar GUAM-Yaponiya əməkdaşlıq xətti üzrə Gündoğar ölkənin hökuməti və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU) tərəfindən təşkil edilmişdir.
Yaponiya Xarici İşlər Nazirliyində keçirilmiş iclasa bu ölkənin xarici siyasət idarəsinin GUAM ilə əlaqələr üzrə xüsusi nümayəndəsi sədrlik etmişdir. İclasda GUAM iştirakçısı olan dövlətlərin Tokiodakı səfirləri, İRU-nun, Yaponiya Torpaqdan İstifadə, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin, GUAM ölkələrinin nəqliyyat nazirlikləri və idarələrinin, habelə beynəlxalq avtomobil daşıyıcıları assosiasiyalarının nümayəndələri iştirak etmişlər.
Forum iştirakçıları bu seminarın və onun nəticələrinin GUAM ölkələrində iqtisadiyyatın və nəqliyyat sistemlərinin inkişafı, habelə onların tranzit potensialının reallaşdırılması üçün əhəmiyyətini yekdilliklə vurğulamışlar. Tərəflər Yaponiya hökumətinin, GUAM-ın və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının regionun beynəlxalq avtomobil daşımaları sahəsində ən kəskin problemlərinin həllinə sanballı töhfə verməsini etiraf etmişlər.
İclasın gedişində Yaponiya XİN nümayəndələrinə, GUAM ölkələrinin səfirlərinə və seminarın digər iştirakçılarına son illərdə İRU tərəfindən Avropa ilə Asiya arasında beynəlxalq avtomobil daşımalarının inkişafı və sadələşdirilməsi, o cümlədən İRU-nun “Model Şose Təşəbbüsü” (MHİ) adlı yeni layihəsinin həyata keçirilməsi istiqamətində aparılan işlər barədə məlumat verilmişdir.
Torpaqdan İstifadə, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nümayəndəsi seminar iştirakçılarına Yaponiyanın yolları, yolətrafı infrastrukturun inkişafı və avtomobil daşımaları sahəsində dövlət nəqliyyat siyasətinin prinsipləri və prioritetləri barədə məlumat vermişdir. O, vurğulamışdır ki, Yaponiya yüksək keyfiyyətli avtomobil yolları şəbəkəsi yaradılması, dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində yollara nəzarət və onların istismarı mexanizmlərinin tətbiq edilməsi, habelə avtomobil yolları infrastrukturunu dəstəkləmək üçün maliyyə mənbələrinin genişləndirilməsi sahəsində onun təcrübəsinin geniş yayılmasında maraqlıdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev