DÜNYA
Güclü fırtına və qar Kanada və ABŞ-da həyatı iflic etmişdir
Bakı, 23 dekabr (AZƏRTAC). Qışın ilk günü - dekabrın 22-də təbiət Kanada və ABŞ-a əsil qış sürprizi etmişdir. Toronto bələdiyyəsinin sədri Rob Ford şəhərin tarixində ən sərt qış fəsillərindən birinin yaşandığını və bu vəziyyətin daha 24 saat davam edəcəyi halda fövqəladə vəziyyət elan olunacağını bildirmişdir.
AZƏRTAC “TRT Haber” telekanalına istinadla bildirir ki, Kanadanın Kvebek əyalətində sürəti saatda 90 kilometrə çatan külək və yolların buz bağlaması səbəbindən qatar və avtobusların hərəkətində fasilələr yaranmış, tələfatla nəticələnən avtomobil qəzaları baş vermişdir. Toronto hava limanında bir sıra təyyarə uçuşları ləngiyir.
Fırtına ağacları, elektrik və telefon xətlərini aşırmışdır. On minlərlə insanın işıqsız qaldığı Hamilton şəhərində rəsmilər sakinləri ərzaq, içməli su və zəruri əşyalar tədarük etməyə çağırmışlar. Fırtınanın daha güclü olduğu yerlərdə əhaliyə evdən çıxmamaq tövsiyə edilir.
ABŞ-ın Arkanzas ştatında isə küləyin sürətinin saatda 200 kilometrə çatdığı bildirilir. Güclü külək və qar nəticəsində bir sıra ştatlarda 440 min evə və iş yerinə elektrik enerjisi verilmir. Hava limanında 700-dən çox uçuş təxirə salınmış, 11 min uçuş isə ləngimişdir.