REGİONLAR
Güclü külək nəticəsində Astara və Lerik rayonlarına dəyən ziyan aradan qaldırılır
Astara-Lerik, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 2-də gecə saatlarından başlayaraq cənub bölgəsində əsən güclü külək elektrik təsərrüfatına və evlərə ziyan vurub.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət zamanı elektrik dirəklərinin aşması və naqillərin qırılması nəticəsində Astara və Lerik rayonlarının yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Güclü külək bir çox evin dam örtüyünü uçurub, irigövdəli ağacları kökündən qoparıb.
Astara rayonunun Şiyəkəran kəndində 10-dan artıq evin və iaşə obyektinin dam örtüyü yararsız vəziyyətə düşüb. Əsən güclü külək əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub, 50-dən çox elektrik dirəyi aşıb.
Dağlıq ərazidə yerləşən Lerik rayonunda günorta saatlarından başlanan külək axşam saatlarında daha da güclənib. Rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 50-yə yaxın 10 kilovoltluq və 30-a yaxın 0,4 kilovoltluq elektrik dirəyinin aşması nəticəsində 100-dən çox kəndi işıqsız qalıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində dekabrın 3-də axşam saatlarında rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa edilib.
Hazırda hər iki rayonun fövqəladə hallar komissiyaları təbii fəlakətin vurduğu ziyanın nəticələrini aradan qaldırmaq istiqamətində tədbirləri davam etdirirlər.