Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb
Tbilisi, 2 yanvar, AZƏRTAC
Gürcüstan ərazisində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan-Rusiya quru sərhədinə gedən, eləcə də digər beynəlxalq əhəmiyyətli magistral yollar tam bağlanıb.
Hərbi yol kimi tanınan Yuxarı Lars sərhəd keçid məntəqəsi qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün qadağandır.
Qərb bölgəsində bəzi kəndlərlə əlaqə kəsilib. Qarın hündürlüyü bir metrə çatıb. Bəzi bölgələrə elektrik enerjisi və təbii qazın verilməsində fasilələr yaranıb.
Tbilisidən Marneuliyə gedən yolda da avtomobillərin hərəkətində problemlər yaranıb. Hidrometeoroloqların məlumatına görə, yağıntı və soyuq hava şəraiti davam edəcək. Temperaturun bəzi bölgələrdə mənfi 17 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi