DÜNYA
Güclü yağış və külək Gürcüstanda ciddi problemlər yaradıb
Tbilisi, 11 iyul, AZƏRTAC
İyulun 10-da axşam və gecə saatlarında güclü yağış, dolu və külək paytaxt Tbilisi də daxil olmaqla, Gürcüstanın bütün bölgələrində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində Kutaisi beynəlxalq hava limanını su basıb, bir neçə reys təxirə salınıb. Müvafiq strukturlar aeroportda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub.
Batumidə isə ağaclar və işıq dirəkləri aşıb. Nəticədə 6 minik avtomobilinə, bir neçə sosial obyektlərə ciddi ziyan dəyib. Ozurqeti Bələdiyyəsinin mərkəzindəki bəzi evlərə su dolub, əhalinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bir sıra ərazilərdə torpaq sürüşməsi baş verib, mərkəzi magistrallarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
Gürcüstan Aeroportlar İttifaqının məlumatına görə, iyulun 11-də səhər saatlarında Kutaisi aeroportunda bir neçə istiqamətdə uçuşları bərpa etmək mümkün olub. Lakin problem hələ tam həll edilməyib.
Sinoptiklər Qara dənizdə güclü qasırğa olacağını, yağış və güclü küləyin iyulun 12-dək davam edəcəyini bildirirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi