İDMAN
Güləş üzrə Azərbaycan milli komandalarının dünya çempionatı üçün heyəti açıqlanıb
Çempionatda hər üç güləş növü üzrə Azərbaycan yığması iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyevin iştirakı ilə çempionatda iştirak edəcək komandaların heyəti açıqlanıb.
Yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Cunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriyəti (130 kq) təmsil edəcəklər.
Sərbəst güləş üzrə Azərbaycan millisinin heyətində Axmednabi Qvartzatilov (57 kq), Hacı Əliyev (61 kq), Maqomed Muslimov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıblar.
Qadınların mübarizəsində Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Dünya çempionatına yollanan idmançıların əksəriyyətini gənclərin təşkil etdiyini diqqətə çatdıran Namiq Əliyev ölkəmizdə güləş sahəsində yeni nəslin formalaşdığını bildirib. Qeyd edib ki, həmin güləşçilərin ilk dəfə dünya çempionatında iştirak etməsinə baxmayaraq böyük təcrübələri vardır. Onların bəziləri gənclər arasında dünya və Avropa çempionatlarının qalibidir.
“London-2012” Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərovun dizindən əməliyyat olunduğunu və hazırda bərpa prosesi keçdiyini bildirən vitse-prezident Şərif Şərifovun isə yeni çəkə dərəcəsində çıxış etdiyini bildirib. Namiq Əliyev deyib ki, Şərif Şərifov gələn il keçiriləcək birinci Avropa Oyunlarında və “Rio de Janeyro-2016” Olimpiya Oyunlarında medallar uğrunda yarışacaq.
Vitse-prezident artıq yeddi ildir Azərbaycan Güləş Federasiyasının ağır çəki dərəcələri ilə bağlı xüsusi proqram üzərində çalışdığını bildirib. Deyib ki, bu proqram çərçivəsində respublikada geniş seleksiya işi aparılıb və həmin güləşçilər aşkaralanaraq milli komandalara cəlb olunublar.
Qarşıda güləşçiləri ciddi sınaqların gözlədiyini bildirən Namiq Əliyev gələn il Avropa Oyunlarından dərhal sonra Las-Veqasda dünya çempionatının təşkil olunacağını vurğulayıb.