İDMAN
Güləş üzrə “Hünər meydanı” açıq respublika seçim turnirinin ilk gününün qalibləri müəyyənləşib
Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında güləş üzrə “Hünər meydanı” açıq respublika seçim turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda 1995-1997-ci il təvəllüdlü güləşçilər mübarizə aparırlar.
Turnirin təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, məhz bu qayğı nəticəsində güləşçilərimiz də beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər.
Yarışın ilk günü sərbəst güləşçilər arasında İbrahim Cavadov (50 kq, Rusiya), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Taqib Həsənov (66 kq, Rusiya), Axra Dzergeniya (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Turxan Qurbanov (96 kq) və Zaur Məmmədov (120 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar.