İDMAN
Güləşçi Həsən Əliyev: Xalqımızın dəstəyi bizi həm qürurlandırır, həm də daha inamlı mübarizəyə ruhlandırır
Bakı, 8 iyun, Samirə Allahverdiyeva, AZƏRTAC
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin idman həyatı ilə yanaşı, Azərbaycan güləşinin tarixində də mühüm hadisədir. Gənc idmançı kimi bu mötəbər idman yarışlarında iştirak edəcəyim hissi məni həyəcanlandırmaqla yanaşı, həm də çox sevindirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev müsahibəsində bildirib.
Gənc güləşçi deyib ki, tarixən güclü güləş ənənələrinə sahib olan Azərbaycan pəhləvanları Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında, eləcə də digər nüfuzlu turnirlərdə uğurla çıxış edib, Vətənimizə parlaq qələbələr, medallar qazandırıblar. Azərbaycan güləşçiləri olaraq qitənin ilk Avropa Oyunlarında da ölkəmizin idman şərəfini layiqincə qoruyaraq xalqımızı medallarla sevindirmək istəyirik. Buna görə də azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Xalqımızın dəstəyi bizi həm qürurlandırır, həm də daha inamlı mübarizəyə ruhlandırır.