İDMAN
Güləşçilərimiz “Qitələrarası Kubok” beynəlxalq turnirində üç medal qazanıblar VİDEO
Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 6-cı “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən yığma komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olublar.
Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq) və Aleksandr Qostiyev (86 kq) finaladək inamlı təsir bağışlayıblar. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətlənib.
Bürünc medalı isə yığmamıza 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev təmsil ediblər.