İDMAN
Güləşin qələbəsinə Azərbaycan töhfəsi
Bakı, 9 sentyabr (AZƏRTAC). Ötən həftəsonu bütün dünyanın diqqəti Argentina paytaxtı Buenos-Ayresə yönəlmişdi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2020-ci il Yay Olimpiya Oyunlarının Yaponiya paytaxtı Tokioda keçiriləcəyi dəqiqləşəndən sonra idman həvəskarlarını güləşin Olimpiadanın proqramında qalıb-qalmayacağı düşündürürdü.
Səsvermə nəticəsində güləşçiləri, güləş mütəxəssislərini və bu idman növünün azarkeşlərini sevindirən qərar qəbul olunmuşdur. Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) üzvlərinin güləşə yaşıl işıq yandırmasında Azərbaycan güləşinin də payı olmuşdur. Beynəlxalq Güləş Federasiyasının (FİLA) yeni prezidenti Nenad Laloviç təqdimatını Azərbaycan güləşinin London Olimpiadasında tarixi zəfərini əks etdirən foto ilə bitirmişdir. Həmin slaydda Olimpiya çempionumuz Şərif Şərifov məşqçi Firdovsi Umudovun çiynində əks olunmuşdur.
BOK-un 125-ci sessiyasında Azərbaycandan qonaq qismində gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, birinci Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak etmişlər.