Güllü-güllü güllərim...
Bakı, 2 aprel, AZƏRTAC
Canlı güllər ən gözəl hədiyyədir. Gül dəstəsini təkcə əlamətdar günlərdə deyil, heç bir səbəb olmadan da təqdim etmək olar.
AZƏRTAC xəbər verir ki, əvvəllər gül dəstələri hədiyyə edilməz və onlardan yalnız saç üçün çələnglər hörülərdi. Yunanlar və romalılar tədbirlərdə ali qonaqlara hörmət və təşəkkür əlaməti olaraq qızılgüllərdən hörülmüş çələng hədiyyə edərdilər. Həmin adət indi də Olimpiya oyunları zamanı qaliblərə dəfnə yarpağından hörülmüş çələnglərin hədiyyə verilməsində özünü göstərir.
Keçmişdə müharibəyə yola düşən əsgərlərə döyüşdə uğur qazanmaları üçün ətirşah dəstəsi təqdim olunardı. Böyük ağ rəngli yasəmən dəstəsi isə ilk sevginin rəmzi idi. İlk dəfə ətir kimi hədiyyə olunan gül dəstəsi 5 əsr bundan əvvəl xoş rayihəli güllərdən hazırlanıb. XVIII əsrdə güllərin digər xüsusiyyətlərinə də əhəmiyyət verməyə başlayıblar. Həmin dövrdə təqdim olunan güllərin rənginə, sayına və növünə xüsusi diqqət yetirilirdi. Gül dəstəsi hazırlanarkən mütləq xüsusi etiket gözlənilməli idi. Məsələn, bir qadına yalnız qırmızı güllərdən ibarət dəstə təqdim etmək sevgi və nəvaziş mesajı verirdi. Freziya bağlılıq, astriya və ya ağ qərənfil tezliklə qovuşmaq ümidi, qortenziya sədaqət, zanbaq isə dəstəyi ifadə edirdi.
Müasir dövrdə həmin məsələ o qədər aktual olmasa da, müəyyən fikirlər indi də qalır. Avropada hədiyyə olunan güllərin sayına əhəmiyyət verilməsə də, gülün tək və ya cüt sayda olmasına çox həssaslıqla yanaşırıq. Yalnız tək sayda olan güllər hədiyyə edilir. Dəstənin rəng uyğunluğuna da diqqət yetirmək vacibdir. Gül dəstəsi hazırlanarkən hədiyyə olunanın xarakteri, yaşı, zövqü nəzərə alınmalıdır. Kiçik yaşlı qızlar və gənc xanımlar üçün yığılan dəstə pastel tonda olmalıdır. Bir qədər yaşlı xanımlara isə tez solan gül bağışlamaq düzgün deyil. Açıq, sabit rənglərdən yığılmış gül dəstəsi vermək daha məqsədəuyğundur.
Gül dəstələri kişi və qadın bukletləri olmaqla iki növə ayrılır. Dəstə bağlayarkən qadınlar üçün sakit, kişilər üçünsə daha çılğın və cəlbedici rənglərdən istifadə etmək lazımdır. Dəstənin büküldüyü kağızın rəngi də vacibdir.
Hər birinin öz rəmzi mənası olan güllərdən yığılmış dəstə və ya tək bir çiçək bəzən saatlarda deyilən komplimentdən daha mənalı və təsirli ola bilər.