“Gülüstan 210” - dəyirmi masa
Bakı, 13 oktyabr, AZƏRTAC
AMEA-nın Tarix İnstitutunda “Gülüstan 210” mövzusunda dəyirmi masa təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən institutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev Gülüstan sülh müqaviləsinin tarixindən söz açıb. Bildirib ki, müasir Azərbaycan tarixşünaslığında, ictimai fikrində bu müqavilələrin əsas nəticəsi Azərbaycan torpaqlarının işğalı, parçalanması kimi qiymətləndirilir.
Tarix üzrə fəlsəfə doktoru dosent Hacı Həsənov çıxış edərək 1-ci Rus-Qacar müharibəsinin nəticəsi olaraq Qarabağın Gülüstan kəndində müqavilənin imzalandığını söyləyib. Bildirib ki, bu müqaviləyə əsasən Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyaya birləşdirildi: “Bundan əlavə Qacarlar dövləti Şərqi Gürcüstan və Dağıstanın Rusiya imperiyasına birləşməsini tanıyırdı. 1813-cü ildə Rusiya imperiyası ilə Qacarlar İranı arasında imzalanmış Gülüstan müqaviləsi 1805-ci ildə Rusiya ilə Azərbaycanın Qarabağ, Şəki və Şirvan xanlıqları arasında bağlanan ikitərəfli müqavilələrin kobud şəkildə pozulması demək idi”.
Daha sonra tarix üzrə fəlsəfə doktorları, dosentlər Cəbi Bəhramov, Zeynəb Qafarova, Ramil Niftəliyev, Ənvər Məmmədov mövzu ətrafında aparılan müzakirələrdə çıxış edərək iclas iştirakçılarının suallarını cavablandırıblar.