İQTİSADİYYAT
“GÜNƏŞLİ” YATAĞINDA YENİ QUYU İSTİSMARA VERİLMİŞDİR
ONUN GÜNDƏLİK HASİLATI 150 TONDUR
Havaların şaxtalı keçdiyi bu günlərdə “28 May” adına Neft və Qaz Çıxarma İdarəsinin neftçiləri “Günəşli” yatağında dərinliyi 3.100 metr olan 235 nömrəli quyunu qazmadan almışlar. “Bayıl limanı” Dəniz Qazma İdarəsinin təhvil verdiyi bu quyu ilk sutka ərzində 150 ton neft vermişdir.
Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin yataqda əsaslı təmirdən yenicə alınmış 92 nömrəli quyu isə gün ərzində 100 ton neft verir.
Qışın ilk güclü qar-çovğunu dəniz neftçilərinin iş ahəngini poza bilməmişdir.
Şaxtalı günlərdə ekstremal şəraitdə işləyən neftçiləri mümkün hadisələrdən qorumaq üçün “Xəzərdənizneftdonanma” və “Dənizyanğınsöndürmə“ idarələrinin gəmiləri “Günəşli”, “Bahar”, “Bulla”, “8 Mart”, “Qum dəniz”, “Ələt”, “Neft daşları” və “Abşeron” yataqlarında növbə çəkirlər.
Dəniz neftçiləri ili yüksək göstəricilərlə başa çatdırmaq üçün səylə çalışırlar. Onlar 11 ayda nəzərdə tutulduğundan 29 min tondan çox neft hasil etmişlər.