İQTİSADİYYAT
“Günəşli” yatağındakı dördüncü özüldə köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi istifadəyə verilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Rəhman Qurbanov, “Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Daşqın İskəndərov, həmçinin şirkətin aparıcı mütəxəssislərindən ibarət geniş tərkibli komissiya “Günəşli” yatağındakı 4 nömrəli dərin dəniz özülünə baş çəkmiş, bu özüldə köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin istifadəyə verilməsi prosesi ilə tanış olmuşlar.
AZƏRTAC xəbər verir ki, bu tipli yanğınsöndürmə sistemi ARDNŞ-in strukturlarında ilk dəfə məhz “28 May” Neft Qaz Çıxarma İdarəsinin 4 nömrəli dərin dəniz özülündə quraşdırılmışdır. Komissiya üzvləri, həmçinin 4 nömrəli özüldə istismara veriləcək yeni qazlift kompressor stansiyasının tikinti-quraşdırma işləri ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, qazlift kompressor stansiyasının 3 ədəd lövhəsi dənizə nəql edilərək layihə yerinə quraşdırılmışdır. Bir ədəd lövhə isə “Qurban Abbasov” kran gəmisinin üzərindədir.
Görülmüş işlərlə tanışlıqdan sonra keçirilmiş müşavirədə “28 May” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) rəisi Rövşən Qarayev “Günəşli” yatağının işlənməsinin cari vəziyyəti barədə məlumat vermiş, yatağın işlənilməsinin perspektivləri müzakirə olunmuşdur.
“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov “Günəşli” yataĞında neft-qaz hasilatının sabit saxlanılması və artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, mövcud problemlər barədə danışmış, bu istiqamətdə NQÇİ-nin qarşısında duran vəzifələrə toxunmuşdur.
ARDNŞ-in vitse-prezidenti Rəhman Qurbanov “Günəşli “ yatağının işlənilməsi, həmçinin 4 nömrəli özüldə istismara veriləcək qazlift kompressor stansiyasının məhsulunun özüllərarası qazlift şəbəkəsinə səmərəli paylanılmasına dair tapşırıq və tövsiyələrini vermişdir.