GÜRCÜSTAN ARTIQ MDB-NİN ÜZVÜ DEYİLDİR
Moskva, 18 avqust (AZƏRTAC). Gürcüstan avqustun 18-dən MDB üzvlüyündən rəsmi surətdə çıxmışdır.
2008-ci il avqustun 14-də Gürcüstan parlamenti respublikanın MDB çərçivəsində 3 sazişdən - 1991-ci il 8 dekabr tarixli MDB-nin yaradılması barədə Sazişdən, 1993-cü il 22 yanvar tarixli MDB Nizamnaməsindən və 1993-cü il 24 sentyabr tarixli MDB-nin İqtisadi İttifaqının yaradılmasına dair Müqavilədən çıxdığı barədə yekdil səslə qərar qəbul etmişdi. Bundan dörd gün sonra isə Gürcüstan XİN parlamentin qəbul etdiyi qərar barədə MDB İcraiyyə Komitəsini nota vasitəsilə məlumatlandırmışdı. MDB-nin Nizamnaməsinə uyğun olaraq üzv olan ölkələrdən birinin bu təşkilatdan çıxması prosesi 12 ay davam edir. Buna müvafiq surətdə 2009-cu il avqustun 18-də Gürcüstanın MDB-dən formal çıxması prosesi başa çatmışdır.
MDB İcraiyyə Komitəsinin mətbuat xidməti rəsmi şəkildə təsdiq etmişdir ki, MDB Xarici İşlər Nazirləri Şurasının Gürcüstanın MDB-də üzvlüyünə dair 2008-ci il 9 dekabr tarixli qərarına uyğun olaraq, Gürcüstan bu il avqustun 18-dən MDB-nin iştirakçısı olan dövlət deyildir. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir: “MDB Nizamnaməsinin 9-cu maddəsinə müvafiq olaraq dövlət belə hüquqdan istifadə edə bilər. Həmin dövlət bu niyyətini Birliyin tərkibindən çıxmamışdan 12 ay əvvəl bildirməlidir. Bu zaman MDB-də iştirakı müddətində dövlətin götürdüyü öhdəliklər onların tam yerinə yetirilməsinədək saxlanmış hesab edilir”. MDB İcraiyyə Komitəsindən həmçinin qeyd etmişlər ki, Gürcüstan Birlik çərçivəsində imzaladığı bir sıra müqavilələrin iştirakçısı olmaq niyyətini də bildirmişdir.
MDB iştirakçısı olan dövlətlərin nümayəndələrindən ibarət ekspert qrupu MDB orqanlarının beynəlxalq müqavilələrində və digər sənədlərində Gürcüstanın iştirakı barədə məsələnin nəzərdən keçirilməsi üçün dəfələrlə müzakirələr aparmış və bildirmişdir ki, Birliyin tərkibinə daxil olmayan dövlət kimi Gürcüstanın da həmin müqavilələrdə iştirakı üçün heç bir hüquqi maneə yoxdur. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir: “Beləliklə, MDB-dən çıxdıqdan sonra da Gürcüstan Birlik çərçivəsində qəbul edilmiş təxminən 70 müqavilədə iştirakını davam etdirə bilər”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva