CƏMİYYƏT
Gürcüstan əsilli şəhidlərin adları əbədiləşdiriləcək
Tbilisi, 1 may, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasında Gürcüstan azərbaycanlılarının böyük rolu olub. Torpaqlarımızın işğaldan azad olunması zamanı Gürcüstan azərbaycanlıları 54 şəhid veriblər. Təkcə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın Gürcüstan əsilli 22 şəhidi olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə “Ulu Öndər Heydər Əliyev və Gürcüstandakı azərbaycanlı icması” mövzusunda keçirilən görüşdə söyləyib.
Görüşdə Milli Məclisin deputatları, şəhid valideynləri, ailə üzvləri, azərbaycanlı icmasının nümayəndələri iştirak ediblər.
Diplomat bildirib ki, Gürcüstan əsilli şəhidlərin adlarının əbədilləşdirilməsi istiqamətində fəal işlər aparılır.
F.Quliyev deyib: “44 günlük Vətən müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasında dünya azərbaycanlılarının vəhdəti və birləşməsi böyük rol oynayıb. Biz bu dəstəyi Gürcüstan azərbaycanlılarından da hiss etdik. Verilən bu dəstəyə görə sizə və Gürcüstan dövlətinə təşəkkür edirəm”.
Səfir qeyd edib ki, Azərbaycan müharibə dövründə Ermənistana silah-sursat daşınmaması üçün xarici dövlətlərə öz quru və hava məkanlarını bağlamaq çağırışları edirdi və Gürcüstan bu çağırışlara müsbət cavab verən ölkələrdən olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi