İQTİSADİYYAT
Gürcüstan telekanalında Azərbaycanda nəqliyyat sahəsində görülən işlər və layihələr barədə ətraflı məlumat verilmişdir
Bakı, 9 iyun (AZƏRTAC). Nəqliyyat nazirinin müavini Musa Pənahov Gürcüstan televiziyasına müsahibəsində ölkəmizin son illər qazandığı uğurlardan, eləcə də nəqliyyat-yol kompleksində aparılan islahatlardan, həmçinin Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin icrasından danışmışdır.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, müsahibə zamanı Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində qazanılan nailiyyətləri diqqətə çatdıran M.Pənahov Azərbaycanda nəqliyyat sektorunun inkişafı, həyata keçirilən iri beynəlxalq və regional layihələr barədə ətraflı məlumat vermişdir.
Dəmir yolu, hava və avtomobil nəqliyyatları, avtomobil yolları sahəsində həyata keçirilən tədbirlərdən söz açan M.Pənahov jurnalistlərin tarixi İpək Yolu, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi barədə suallarını da cavablandırmış, görülən işlərin nəzərdə tutulduğu vaxtda başa çatacağına ümid etdiyini bildirmişdir.