DÜNYA
Gürcüstanda 12 illik həbs cəzasına məhkum edilmiş türk biznesmen əfv olunmuşdur
Tbilisi, 21 iyun (AZƏRTAC). Gürcüstanda 6 il bundan əvvəl həbs edilmiş türkiyəli biznesmen Orxan Aksu əfv olunmuşdur.
Bu barədə jurnalistlərə onun vəkili İrma Çkadua məlumat vermişdir. Vəkilin dediyinə görə, Orxan Aksu Ümumgürcüstan katolikos-patriarxı 2-ci İlyanın müraciəti əsasında azadlığa buraxılmışdır.
İ.Çkadua demişdir ki, türkiyəli biznesmen keçmiş hökumətin girovuna çevrilmişdi. Onun rəhbərlik etdiyi şirkət Gürcüstanda bir sıra tenderlərdə iştirak edərək qalib gəlmiş və Tbilisi şəhərindəki Qldani 8 nömrəli həbsxanasını, Ədliyyə Evini, Daxili İşlər Nazirliyinin yeni binasını və daha bir neçə obyekti inşa etmişdir. Bu işlərin haqqının ödənilməsini istəyəndə isə sabiq dövlət məmurları Baço Axalaya və Zurab Adeişvili ona susmağı məsləhət görmüş, əks təqdirdə özünün inşa etdirdiyi həbsxanaya salınacağı ilə hədələmişlər.
Vəkilin sözlərinə görə, Orxan Aksu bu hədələrdən qorxmamış və haqqını tələb etmişdir. Elə buna görə də əvvəlki hökumət 2007-ci ildə ona 12 il həbs cəzası vermiş və yerləşdirildiyi həbsxanadakı məhbuslara bu binanı onun inşa etdirdiyini bildirmişlər. O. Aksu cəza çəkdiyi müddətdə çoxlu işgəncələrə məruz qalmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi