CƏMİYYƏT
“Gürcüstanda azərbaycanlı gənclərin hüquqi maarifləndirməsi” layihəsi davam edir
Tbilisi, 12 fevral, AZƏRTAC
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) “Gürcüstanda azərbaycanlı gənclərin hüquqi maarifləndirməsi” layihəsini davam etdirir.
Layihə çərçivəsində növbəti görüş azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda keçirilib. Gürcüstanın ali məktəblərində təhsil alan tələbələrin, habelə gənc mütəxəssislərin iştirak etdikləri tədbirdə milli azlıqların konstitusion hüquqları, beynəlxalq hüquq normaları və digər məsələlər müzakirə olunub.
GAHA-nın təsisçisi, hüquq elmləri magistri Əli Bədirov bildirib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar konstitusiya ilə təsbit olunmuş bütün hüquqlara malikdirlər. Lakin bəzi gənclərin dövlət dilini bilməməsi, qanunlardan xəbərsiz olması bir sıra problemlər yaradır. Bu gün gənclərin erkən ailə qurmaları, boşanmalar, eləcə də yerli bələdiyyələrə və parlamentə keçirilən seçkilərdə iştirakla bağlı mövcud problemləri əsasən onların öz hüquqlarını bilməməsindən irəli gəlir.
Əli Bədirov iştirakçıların suallarını cavablandırıb, onlara problemlərinin həlli ilə bağlı hüquqi yardım göstərib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi