DÜNYA
Gürcüstanda fövqəladə hallar xidmətləri xüsusi iş rejiminə keçirilmişdir
Tbilisi, 3 sentyabr (AZƏRTAC). Gürcüstan Daxili İşlər Nazirliyi fövqəladə yardım departamenti sentyabrın 4-5-də xüsusi iş rejimində fəaliyyət göstərəcəkdir. Bu, gürcüstanlı sinoptiklərin həmin günlər havanın kəskin şəkildə dəyişib güclü qasırğa olacağı proqnozu ilə əlaqədardır.
Acarıstan Muxtar Respublikasının fövqəladə hallar üzrə agentliyinin rəhbəri Merab Nakaşidze agentliyin xüsusi iş rejiminə keçirildiyini, bölgələrə müvafiq texnikaların səfərbər olunduğunu vurğulamış, sabahdan Qara dənizdə çimmək, katerlərlə gəzintiyə çıxmaq, balıq ovu və digər texnikanın hərəkətinin qadağan olunacağını bildirmişdir. O demişdir ki, sentyabrın 4-5-də güclü külək, yağış və dənizdə güclü qasırğa gözlənilir.
Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, gözlənilən qasırğa ilə əlaqədar bütün hərbi hissələr hazırlıq vəziyyətinə gətirilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi