SİYASƏT
GÜRCÜSTANDA SƏS VERMƏK ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində səsvermə normal şəkildə davam edir. Məntəqədə qeydiyyatdan keçmiş 71 seçicinin 60 faizi saat 14.00-dək səs vermişdir. Seçkilərin şəffaf və azad keçirilməsi, buradakı vətəndaşlarımızın səs vermələrinin təmin edilməsi üçün bütün şərait yaradılmışdır. Belə ki, Gürcüstanda Azərbaycan dilində çıxan qəzetlərdə səfirliyin bildirişi dərc olunmuşdur. Həmçinin seçicilərin hər birinə telefonla xəbər verilmişdir. Bu tədbirlərin nəticəsində seçicilər yüksək fəallıq göstərirlər.
Səfir Namiq Əliyev seçkinin gedişi barədə məlumat vermişdir ki, səhər tezdən Gürcüstanın və Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri seçkinin gedişini izləyirlər və indiyədək heç bir pozuntu qeydə alınmamışdır. Seçkilərin gedişi Azərbaycanda demokratiyanın təntənəsindən xəbər verir. Səsvermə axşam saat 19.00-da başa çatacaqdır.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvili, eləcə də diplomatik korpusun bir çox nümayəndələri ölkəmizin Gürcüstandakı səfirliyinin dəvətilə seçki məntəqəsində olmuşlar. Onlar verdiyi müsahibələrdə bildirmişlər ki, seçkilər olduqca şəffaf və demokratik şəraitdə keçir. Seçkilərin normal keçməsi bizim ürəyimizcədir. Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanın tərəqqisi həmişə bizi sevindirir. Əminəm ki, müdrik Azərbaycan xalqı düzgün seçimini edəcək, ölkənin gələcəyini ən layiqli namizədə etibar edəcəkdir.