SİYASƏT
Gürcüstanda yaşayan azərbaycanlı gənclərin bu ölkənin hüquq mühafizə orqanlarında işlə təmin olunması məsələsi müzakirə edilmişdir
Marneuli, 26 may (AZƏRTAC). Gürcüstan Baş prokurorunun birinci müavini David Sağvarelidze bu ölkədə yaşayan azərbaycanlıların yığcam məskunlaşdıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində yerli əhali ilə görüşmüşdür.
D.Sağvarelidze Baş Prokurorluqda həyata keçirilən islahatlar, cinayətkarlığa, korrupsiyaya və digər hüquq pozuntularına qarşı aparılan mübarizə və onun nəticələri barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, prokurorluq orqanlarının əməkdaşları bu mübarizənin daha da səmərəli təşkil olunmasında əhalinin dəstəyinə və qarşılıqlı əməkdaşlığa böyük əhəmiyyət verirlər. Bu görüş bir növ tanışlıq xarakteri daşısa da məqsəd əhalinin fəallığını gücləndirmək, azərbaycanlı gənclərin ölkənin hüquq mühafizə orqanlarında işlə təmin olunması istiqamətində qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparmaqdır.
Görüşdə iştirakçılar azərbaycanlı kadrların Gürcüstanın hüquq mühafizə orqanlarında işlə təmin olunmaları üçün tədbirlər görülməsinin vacib olduğunu bildirmişlər.
Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, eləcə də milli kadrların prokurorluq orqanlarında işlə təmin olunmaları baxımından belə görüşlərin əhəmiyyətini vurğulamışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tbilisi