DÜNYA
Gürcüstanda yaşayan daha bir azərbaycanlı öz qeyri-adi bacarığı ilə diqqəti cəlb etmişdir
Dmanisi, 4 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar kənd sakini, “maqnit adam” adı ilə məşhur olan Etibar Budaqlı Ginnesin rekordlar kitabına düşmüşdür. Bu günlərdə daha bir soydaşımızın qeyri-adi gücə - bioenerjiyə malik olduğu aşkara çıxmışdır.
AZƏRTAC xəbər verir ki, o, Dmanisi rayonunun Ermənistanla sərhəddə yerləşən Yırğançay kəndinin sakini 42 yaşlı İsmayıl Kazımovdur. İ. Kazımov bədənində 160 kiloqram dəmir əşyanı saxlaya bilir. Bundan əlavə, o, 13 nəfərin əyləşdiyi “Ford” markalı minik avtomobilini (təxminən 3 ton ağırlıqda) çəkə bilmişdir.
İ.Kazımov öz qeyri adi bacarığını nümayiş etdirmək üçün Rusiyadan dəvət almışdır. Lakin, Dmanisi Rayon İcra Hakimiyyəti ona istedadını doğma vətənində nümayiş etdirməyi təklif etdiyindən İ.Kazımov Rusiyaya səfərini təxirə salmışdır.
İ. Kazımov cəmi üç ay öncə qeyri-adi gücə malik olduğunu hiss etmişdir və ilk dəfə Tbilisidə çıxış etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Dmanisi