CƏMİYYƏT
Gürcüstanın nüfuzlu 24news.ge portalı bir yaşını qeyd edib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Gürcüstanda geniş oxucu kütləsinə malik, dörd dildə -Azərbaycan, rus, gürcü və ingilis dillərində yayımlanan 24news.ge portalı və 24news Tv proqramı bir yaşını qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlər Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən mərasimdə Azərbaycan səfirliyinin əməkdaşları, siyasətçilər, ictimai və din xadimləri, QHT rəhbərləri, media nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbirin aparıcısı Leyla Əmrahova 24news.ge və 24news Tv-nin bir il ərzindəki fəaliyyətində söz açıb, qazanılan uğurlardan danışıb.
Sonra «Gürcüstanın Lider Media» təşkilatının, eləcə də 24news.ge və 24news Tv-nin rəhbəri Azər Məmmədov çıxış edərək rəhbərlik etdiyi media qrupunun yaradılma zərurətindən və qarşıya qoyulan məqsədlərdən danışıb. 24news.ge xəbər portalının baş redaktoru İlkin Hüseynov portalın regionumuzda informasiya qıtlığının aradan qaldırılmasına töhfə verdiyini bildirib.
Sonra çıxış edənlər portalın fəaliyyətindən söz açıb, bir il ərzində qazanılan uğurları yüksək qiymətləndiriblər.
Çıxışlarda portalın beynəlxalq əlaqələrinə də nəzər salınıb, kollektivin Azərbaycan mediası, xüsusən də AZƏRTAC ilə əməkdaşlığı xüsusi qeyd olunub. AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri həmkarlarını təbrik edib, gün ərzində 8 dildə 600-dən çox xəbər yayımlayan AZƏRTAC ilə əməkdaşlığın perspektivləri barədə danışıb.
Çıxış edənlər 24news.ge və 24news Tv-nin uğurlarını da qeyd ediblər.
Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və “Salam” xeyriyyə cəmiyyətinin sədri Maya Rəcəbova Azər Məmmədova və İlkin Hüseynova diplom və hədiyyələr təqdim ediblər.
Tədbir gənc tarzən Ramin Pirməmmədovun ifasında Azərbaycan milli musiqiləri ilə davam edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi