İQTİSADİYYAT
Gürcüstanın regional inkişaf və infrastruktur naziri “Akkord”un icra etdiyi layihələrlə tanış olmuşdur
Bakı, 15 may (AZƏRTAC). Gürcüstanın regional inkişaf və infrastruktur naziri Elquja Xokrişvili “Akkord Georgia” şirkətinin bu ölkədə icra etdiyi müxtəlif layihələr üzrə işlərin gedişi ilə tanış olmuşdur.
“Akkord” korporasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gürcüstanda həyata keçirilən vacib infrastruktur layihələrdən biri olan Kutaisi dairəvi yolunun tikinti sahəsində Naxşirgele yaşayış məntəqəsi ilə Kopitanari məntəqəsini birləşdirən 800 metrlik körpünün inşaat işləri ilə tanış olan nazir işlərin gedişindən razı qaldığını bildirmişdir.
Layihənin əhəmiyyətindən söz açan nazir bu körpünün tikintisinin bu ilin iyul -avqust aylarında tamamlanacağı qənaətində olduğunu söyləmişdir.
Uzunluğu 17,3 kilometr olan “Kutaisi” dairəvi yolu layihəsi “Akkord”un hazırda Gürcüstanda icra etdiyi ən iri infrastruktur layihəsidir.
Tikintisinə 2012-ci ilin fevral ayında başlanılmış “Kutaisi” dairəvi yolu beton örtüklü olmaqla qonşu ölkələrlə tranzit yükdaşımalarda istifadə olunan iritonnajlı avtomobillərin Kutaisi şəhərinə daxil olmadan sərbəst hərəkətinin təmin edilməsi məqsədilə inşa edilir.
Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir.
Layihənin başlanğıcından Türkiyə Respublikasına gediş istiqaməti üzrə 11,5 metr eni olan yol üzərində 6 körpü və 4 yol keçidinin inşası nəzərdə tutulmuşdur.
“Kutaisi” dairəvi yolu layihəsinin icrası üçün “Akkord Georgia” tərəfindən ərazidə 4 karxana yeri müəyyənləşdirilmiş, 2 daşdoğrayan qurğu, 3 beton zavodu, 1 asfalt zavodu quraşdırılmış, 1 dəmir-beton konstruksiyalar zavodu qurulmuşdur. Bununla yanaşı, tikinti ərazisində qırmadaş, qum, beton və asfalt məhsullarının analizi üçün müasir təchizatlı laboratoriya yaradılmışdır.
Elquja Xokrişvili “Akkord Georgia” şirkətinin həyata keçirdiyi digər layihələr - “Samtredia”, “Zestafoni”, “Sveneti-Ruisi” yol tikinti layihələri, Marneulidəki soyuducu kameraların inşası layihəsi və su təchizatı sistemlərinin inşası ilə bağlı olan Tbilisi layihələrində də işlərin gedişi ilə tanış olmuşdur.
“Samtredia” layihəsi üzrə “Akkord Georgia” 22 kilometrlik beton yolun 5 kilometrlik hissəsində yolun beton örtük işlərini tamamlamış, qalan 17 kilometrlik hissədə müvafiq işlərin görülməsi üçün hazırlıq işləri aparılır. “Samtredia” və “Zestafoni” layihələri üzrə “Akkord”un regional dəmir-beton konstruksiyalar zavodunda 654 ədəd 33 metrlik körpü tirlərinin istehsalı, 20 min metr svay qazıntısı işləri də nəzərdə tutulmuşdur.
“Sveneti-Ruisi” layihəsi üzrə görülən işlər tamamlandığı üçün bu layihə artıq təhvil verilmə mərhələsindədir. Marneuli layihəsi üzrə işlərin isə təxminən 60-65 faizi tamamlanmışdır.