REGİONLAR
Güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan cins heyvanlar qubalı fermerlərə təhvil verilib
Quba, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
Güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan 18 baş cins damazlıq heyvan qubalı fermerlərə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, üç fərdi təsərrüfatda saxlanılan heyvanlara rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən də mütəmadi nəzarət olunur. Baytarlar Almaniyadan gətirilən heyvanların qidalanması və saxlanma şəraitinə xüsusi diqqət yetirirlər.
Quba rayon baytarlıq idarəsinin rəis əvəzi Nadir Beycanov AZƏRTAC-a müsahibəsində bildirib ki, cins heyvanların fermerlərə güzəştli şərtlərlə satılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilir. Əvvəlcədən edilən sifariş əsasında heyvanlar fermerlərə 50 faiz güzəştli şərtlərlə lizinq qaydasında satılıb. Ümumilikdə isə heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını sürətləndirmək məqsədilə bu vaxta kimi Quba rayonuna 196 baş cins damazlıq heyvan gətirilib. Həmin heyvanlar artaraq 720 başa çatdırılıb.
Mütəxəssis bildirir ki, baytarlar fermerlərə damazlıq heyvanların sağlam şəraitdə qalmaları üçün lazım olan qaydalar haqqında tövsiyələrini verirlər. Tövsiyələrə riayət edən fermerlər damazlıq heyvanlarının saxlanılmasında heç bir problemlə üzləşmirlər.