İQTİSADİYYAT
Hacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib
Bakı, 19 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC mayın 19-da Hacıqabul dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə (MM) orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirib.
“Azərbaycan Dəmir Yolları”-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar təlimə Hacıqabul dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli təhlil edilməsi idi.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları iştirak ediblər.