İQTİSADİYYAT
Hacıqabul-Qazax magistral qaz kəmərində yenidənqurma işləri aparılır
Bakı, 4 may (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) respublikanın qərb zonasının qazla təminatında böyük əhəmiyyətə malik Hacıqabul-Qazax magistral qaz kəmərinin təhlükəsiz istismarını təmin etmək məqsədi ilə kəmərin 65-69-cu kilometrlik sahəsində yenidənqurma işlərinə başlamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, uzunluğu 378,4 kilometr olan Hacıqabul-Qazax magistral qaz kəməri 1979-cu ildə istifadəyə verilmişdir. Bu kəmər vasitəsilə Mingəçevir Su Elektrik Stansiyası təbii qazla təchiz edilir, həmçinin Gürcüstana gündə 2,5-4,5 milyon kubmetr həcmində “mavi yanacaq” ixrac olunur.
Kəmərdə təmir işləri “Azəriqaz” İB-nin sifarişi ilə “Neftqaztikinti” Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsi tərəfindən aparılır. Artıq 4,7 kilometrlik kəmərin 4 kilometr hissəsi inşa olunaraq yoxlamadan keçirilmişdir. Kəmərin 65-69-cu kilometrlərarası sahəsində yenidənqurma işlərinin bu il mayın 15-dək başa çatdırılması nəzərdə tutulur.
Bundan başqa, Azadkənd-İmişli qaz xəttinin 14-cü kilometrliyində aparılan yenidənqurma işləri də yekunlaşmaq üzrədir.