REGİONLAR
Hacıqabulda taxıl sahələrinin hər hektarından 30-35 sentner məhsul götürülür
Hacıqabul, 4 iyul, Mahir Babayev, AZƏRTAC
Bu il Hacıqabul rayonunda 12 min 869 hektar sahədə taxıl əkilib.
AZƏRTAC xəbər verir ki, cari təsərrüfat ilində rayonda 6 min 394 hektar sahədə arpa, 6 min 475 hektarda isə buğda əkilib. Havaların əlverişli keçməsi, taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələrin verilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi əhalinin bu sahəyə marağını daha da artırıb.
Biçin kampaniyasına mütəşəkkilliklə başlayan hacıqabullu fermerlər qısa müddətdə arpa biçinini başa çatdırıblar. Arpa sahəsinin hər hektarından 30 sentner məhsul götürülməklə, 19 min 246 ton məhsul istehsal olunub. Buğda sahəsinin isə 5 min 253 hektarı biçilib ki, bu da ümumi buğda sahəsinin 65 faizini təşkil edir. Hər hektardan 30-35 sentner məhsul əldə olunub. Toxumçuluq təsərrüfatlarında bu göstərici 40-45 sentner təşkil edir.
Hazırda rayonun taxıl sahələrində 42 kombayn işləyir. Hava şəraiti belə davam edərsə, fermerlər bir neçə günə biçin mövsümünü uğurla başa çatdıracaqlar.