SİYASƏT
HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ ŞİFAHİ İMTAHANLAR KEÇİRİLİR
Xəbər verildiyi kimi, test imtahanında müvəffəqiyyət qazanmış 213 nəfər hakimliyə namizədlə şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilmişdir. İmtahanın nəticələrinə görə, 111 nəfər növbəti mərhələyə - şifahi imtahana vəsiqə qazanmışdır.
Yazılı imtahanın nəticələrinə görə müvafiq bal toplaya bilməmiş və bununla əlaqədar apellyasiya qaydasında müraciət etmiş 2 nəfər hakimliyə namizədin ərizələrinə Hakimlərin Seçki Komitəsi tərəfindən onların və müşahidəçilərin iştirakı ilə baxılmışdır.
Həmin hakimliyə namizədlər öz cavab vərəqələri ilə tanış edilmiş, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırıldıqdan sonra onlar imtahanın nəticələri ilə tam razılaşmışlar.
Test üsulu ilə və yazılı imtahanlarda uğur qazanmış hakimliyə namizədlərlə sentyabrın 14-dən şifahi imtahanlar başlamışdır. Müşahidəçilərin iştirakı ilə, açıq şəkildə keçirilən imtahanlar zamanı namizədlərə hüquq sahəsinə aid suallar verilir, habelə onların bilik səviyyəsi ilə yanaşı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən edilir.