İQTİSADİYYAT
“Halliburton” şirkətinin mütəxəssisləri ARDNŞ-in nümayəndələri üçün seminar keçiriblər
Bakı, 12 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-ın “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən ARDNŞ-in tərkibində olan bir sıra qurum nümayəndələri üçün seminar keçiriblər. Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildirilib ki, BANM-ın rektoru Elmar Qasımov iştirakçılara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi və nailiyyətləri haqqında məlumat verib. O, BANM-in “Halliburton” və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğulayıb və
2014-cü ildə Bakı Ali Neft Məktəbi və “Halliburton” şirkəti arasında “Əməkdaşlıq haqqında Razılaşma” imzalandığını xatırladıb.
Seminarın əsas məqsədi “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-in quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx iş birliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli xidmət və avadanlıqlar təklif etməkdir. İki gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”, ”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin işinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi” və digər aktual mövzularda təqdimatlar keçirilib.
Seminarda “SOCAR- AQŞ” MMC-nin, “Azneft” İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, “SOCAR ÜMİD” MMC-nin və ARDNŞ-in digər struktur qurumlarının mühəndisləri iştirak ediblər.