SİYASƏT
Haluk İpək: Azərbaycanın müstəqilliyinin və möhtəşəm inkişafının şahidi olduğumuz üçün xoşbəxtik
Ankara, 3 dekabr (AZƏRTAC). Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Haluk İpək AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hələ gənclik yaşlarında Azərbaycanın müstəqil dövlət olmasını və öz dövlət bayrağı ilə BMT-də təmsil olunmasını arzu edirdik. Bizim nəsil Azərbaycanın dövlət müstəqilliyini gördü və indi davam edən möhtəşəm inkişafın şahidi olduğumuz üçün xoşbəxtik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamamlanmasından danışan H.İpək bu yaxınlarda ABŞ-ın Türkiyədəki səfiri ilə görüşünü xatırlatmışdır. Türkiyəli deputat demişdir ki, görüşdə Türkiyənin 1915-ci ilin hadisələri ilə bağlı bütün arxivlərini açdığı, lakin Ermənistanın və Fransanın bu addımı atmadığı, həmin illərdə ermənilərin Şərqi Anadoluda, 19 il əvvəl isə Xocalıda törətdikləri qətliamları barədə həmsöhbətə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanın 20 faiz torpaqları ermənilər tərəfindən işğal olunmuş, BMT də Ermənistanı işğalçı dövlət kimi tanımışdır. Türkiyə Ermənistan ilə sərhədini məhz bu səbəbdən bağlamışdır. İşğala son qoyulmayanadək sərhəd qapıları açılmayacaqdır.
H.İpək vurğulamışdır ki, xəritəyə baxanda Ermənistandan İrana qədər uzanan bir ərazi görürük. Bu, Azərbaycan torpağı olan Zəngəzur bölgəsidir. Hazırda Azərbaycanın işğal olunmuş torpaqlarında bütün tarixi abidələr məhv edilir. Məqsəd - bu torpaqlardan türk mirası izlərini yox etməkdir. Ermənistanın havadarı olan bəzi ölkələr də Türkiyə ilə Azərbaycanın daha da güclənməsindən qorxurlar. Onlar bu səbəbdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həllinə biganə yanaşırlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara