İQTİSADİYYAT
Haqsız rəqabət hallarının qarşısı alınır
Bakı, 5 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri Binəqədi qəsəbəsi, 4-cü Mədən küçəsi, 276-cı məhəllədə "Budad LTd"-yə məxsus sexdə yoxlama aparmışdır.
"Budad" kvas içkisinin müvafiq reseptura və texnoloji təlimatsız istehsal edilməsi, yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, etiketlərində keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxluğu, enerji dəyəri və istehsalçısı barədə məlumatlar göstərilmədiyindən müəssisə barəsində iş qaldırılmışdır.
Nəticədə "Budad LTd"-yə 4,6 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Həmçinin Xətai rayonu, Ə.Novruzov küçəsi, ev 22/71 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun", "Düşes", "Çernoqolovka" sərinləşdirici içkilərinİin üzərində iki müxtəlif saxlama müddətinin qeyd edilməsi, habelə istehsalında mənşəyi məlum olmayan albalı və şaftalı nektarı qatqılarından istifadə məlum olmuşdur. Bu sahibkar barəsində də Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırmışdır.
Nəticədə Qüdrət Abasova 897 manat maliyyə sanksiyası tətbiq edilmişdir.