DÜNYA
Havanın çirklənməsi 2012-ci ildə 7 milyon insanın həyatına son qoymuşdur
Paris, 25 mart (AZƏRTAC). Havanın çirklənməsi 2012-ci ildə 7 milyon insanın dünyasını dəyişməsinə səbəb olmuşdur. Bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yaymışdır.
Bildirilmişdir ki, son illər sənayenin inkişafı havanı çirkləndirməklə insanların həyatı üçün çox təhlükəli vəziyyət yaratmışdır. Çirkli hava şəraiti bir çox xəstəliklərin, xüsusilə xərçəng və tənəffüs yolları xəstəliklərinin daha geniş yayılmasına səbəb olmuşdur. Bu xəstəliklərin əsasən Asiya qitəsinin cənub-qərb və Sakit okean sahillərindəki ölkələrində daha geniş yayıldığı qeyd olunmuş və ətraf mühitin çirklənməsi nəticəsində 5,9 milyon insanın həyatına son qoyduğu diqqətə çatdırılmışdır.
Nəqliyyat vasitələrinin, sənaye müəssisələri tullantılarının və zəhərli qazların xəstəliklərin geniş yayılmasına əsas səbəb olduğu bildirilmişdir.
Təşkilat, həmçinin yaxın vaxtlarda havanın çirklənməsinin qarşısı alınmazsa bəşəriyyəti qarşıda daha ciddi fəsadlar gözlədiyini bəyan etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris