“Hədəf” atış təlimində 60 gənc iştirak edib
Naxçıvan, 15 aprel, AZƏRTAC
“Naxçıvan” Mərkəzi Təlim Mərkəzində keçirilən “Hədəf” atış təlimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən onlayn qeydiyyata alınan 60 gənc iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun zabitləri təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra, gənclər təlim nöqtələrinə dəvət olunublar.
Bu mərhələdə avtomatın natamam sökülüb-yığılması, hissələri və işləmə mexanizmi haqqında məlumat verilib, qumbaraatma və praktik atəş tapşırığı yerinə yetirilib. Bir neçə qrupa bölünərək bütün təlim nöqtələri üzrə tapşırıqları yerinə yetirən gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan atışlar icra ediblər.
Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilən təlimdə müvafiq qiymətləndirməyə əsasən fərqlənən iştirakçılar diplomla təltif olunublar.