Həmişə işıqlıqda!
Bakı, 16 may, AZƏRTAC
… Gecənin zülmət köynəyi süzülür, qaranlığın bağrı sökülür. Dan yerinə yavaş-yavaş xal düşür. Zöhrə ulduzu səmadan çəkilib gedir. Üfüqdə al-əlvan naxışlar gözə dəyir, göyün üzündə işıq qığılcımları görünür. Çox keçməyəcək ki, üfüqdən Günəş boylanacaq, dünya işığa, nura boyanacaq…
İşıq dünyanın ən vacib nemətlərindən biridir. Həyatı onsuz təsəvvür etmək mümkündürmü? Günəş işığı, Ay işığı, ulduz işığı, şimşək işığı, qar işığı, ocaq işığı, şam işığı, lampa işığı… Əbəs yerə deyil ki, həmişə işığa, işıqlığa doğru can atmışıq. İşığa məhəbbət dünyaya göz açdığımız vaxtdan başlayıb. Ana bətnində yatdığımız qaranlıq dünyadan sonra işıqlı dünyaya can atmışıq. Nağıllarda “it hürənə yox, işıq gələnə” üz tutub Divlə üzləşsək belə... İşıq həyatdır, işıq sabahdır, gələcəkdir. Harda işıq varsa, orda həyat var, ümid var...
İşıq həmişə özünə çəkir – lap tunelin o başında olsa belə...
2017-ci ilin noyabrında UNESCO mayın 16-sını Beynəlxalq İşıq Günü təsis edib. Həmin günün qeyd edilməsi elm, mədəniyyət və incəsənətdə, təhsil və davamlı inkişafda, eləcə də tibb, rabitə və enerji kimi müxtəlif sahələrdə işığın rolunu nəzərə çatdırır.
İşıq həyatın özüdür və insan fəaliyyətində əsas rol oynayır. İşığın öyrənilməsi perspektivli alternativ enerji mənbələrinə, xəstəliklərin diaqnostikası və müalicəsi texnologiyalarında əhəmiyyətli tibbi irəliləyişlərə, yüksəksürətli internetin yaradılmasına, cəmiyyətdə inqilaba və kainat haqqında anlayışı formalaşdıran bir çox başqa kəşflərə gətirib çıxarıb. XX əsrin əvvəllərində işığın xassələri ilə bağlı əsrlər boyu aparılan fundamental tədqiqatlar yeni texnologiyaların yaranması ilə nəticələnib.
İşığa hər yerdə ehtiyac var, o cümlədən kiçik dövlət hesab olunan ailədə də. Şair qəlbindən qopan misralar necə də gözəl səslənir:
Onu hər yerdə axtarırıq – sübh tezdən dan yerində, dünyamıza nur ələyən Günəşdə, zülmətdə şaqqıldayan ildırımın çaxmasında, kəhkəşana uzanan süd yolunda, qaranlıq komada lampanın yanmağında... Çox vaxt insanın üzündə, çöhrəsində, əməlində də işıq axtarırıq. İşıqlı insanlar dünyanı işıqlı gələcəyə aparır. Ondan ötəri gərək insanın ürəyində də işıq olsun…
Çinlilərin bir sözü var: Qaranlığı söyməkdənsə özün bir şam yandır! Bu gün Beynəlxalq İşıq Günündə ən gözəl diləklər də işıqla bağlıdır: Yolunuz işıqlı olsun! İşığınız gur yansın! Evinizdən, ömrünüzdən, üzünüzdən işıq əskik olmasın!