CƏMİYYƏT
HEMOFİLİYALI XƏSTƏLƏR DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 17-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə Beynəlxalq Hemofiliya günü münasibəti ilə bir saatlıq canlı veriliş təşkil etmişdir.
Səhiyyə Nazirliyinin nümayəndəsi Çingiz Əsədov, assosiasiyanın sədri Gülnarə Hüseynova və digərləri bildirmişlər ki, bu gün Ümumdünya Hemofiliya Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il aprelin 17-də qeyd edilir. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır.
Hemofiliyanı qanın çətin laxtalanması ilə, oynaqlara, əzələlərə, daxili orqanlara qansızmalarla müşayiət olunan, hərəkət-dayaq sistemində fəsadlara səbəb olan ağır irsi qan xəstəliyi kimi səciyyələndirən iştirakçılar bu ağır xəstəlikdən ölkəmizdə 1000-dən artıq adamın əziyyət çəkdiyini söyləmişlər.
Natiqlər qeyd etmişlər ki, 2006-cı ildən başlayaraq müvafiq Dövlət Proqramı çərçivəsində hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin olunurlar.
İTV kanalında aprelin 9-dan başlayaraq xəstəliklə bağlı gün ərzində bir neçə dəfə məlumatların efirə verilməsi xəstələrə qismən də olsa kömək etmək niyyətindən irəli gəlmişdir.
Tədbirdə Azərbaycan incəsənət ustaları musiqi proqramı ilə çıxış etmişlər.