MƏDƏNİYYƏT
Həmvətənimiz Sankt-Peterburqun Mariya Teatrında çıxış edəcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Oktyabrın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının konsert zalında V.A.Motsartın “Fiqaronun toyu” operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin gündüz nümayişində Bartolo obrazını həmvətənimiz Timur Abdikeyev canlandıracaq.
Bakıda doğulan T.Abdikeyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. 2004-cü ildə Mariya Teatrında Cakomo Puççininin “Canni Skikki” operasının premyerasında doktor Spinelloçço obrazı ilə debüt edib.
Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı T.Abdikeyev Mariya Teatrında opera truppasının solistidir. O, M.Qlinkanın “Ruslan və Lyudmila”, Cakomo Puççininin “Bohema”, “Madam Batterflay”, “Toska”, Coakkino Rossininin “Reymsə səyahət”, Cüzeppe Verdinin “Traviata”, “Riqoletto”, “Bal-maskarad”, “Taleyin gücü”, “Don Karlos”, “Atilla”, Qaetano Donisettinin “Lüçiya di Lammermur”, Nikolay Rimski-Korsakovun “Sadko”, “Qar qız”, Sergey Prokofyevin “Semyon Kotko”, Aleksandr Smelkovun “Karamazov qardaşları” və digər operalarda yaddaqalan obrazlar yaradıb.
T.Abdikeyev Mariya Teatrının opera truppası ilə birlikdə Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərində qastrollarda olub. O, Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə eyni səhnəni bölüşüb.
Xatırladaq ki, “Fiqaronun toyu” operasının dünya premyerası 1786-cı il mayın 1-də Vyanada olub. Mariya Teatrında isə bu opera ilk dəfə 2009-cu il mayın 1-də təqdim edilib.